"Komanda.az" saytınən rəhbəri, jurnalist Rəşad Ergün Medianın İnkişafı Agentliyini tənqid edib.
Səbəb saytın reyestrdən əsassız olaraq keçirilməməməsi ilə bağlıdır.
Bu barədə Rəşad Ergün "Feysbuk" hesabında yazıb.
O bildirib ki, "komanda.az" saytı Media Reyestrində qeydiyyat üçün iki dəfə müraciət edib, amma ikisində də "yox" cavabı alıb.
Media Agentliyi "20 özəl xəbər" bəhanə gətirib: "Birinci dəfə qarşı tərəfdən zəng edən bəyə izah etdim ki, bizdə hər gün saytda 50-60 material olur: xəbərlər, köşə yazıları, sorğu, müsahibə və sair. İkincidə artıq izah eləməyə həvəsim olmadı. Başa düşdüm ki, məqsədli şəkildə incitmək istəyir, bəlkə də, ümumiyyətlə, qeydiyyatdan keçirmək istəmirlər".
Rəşad Ergün Medianın İnkişafı Agentliyinə bir sıra susllar da ünvanlayıb.
Jurnalist hesab edir ki, Media Agentliyi reyestr məsələsində ayrı-seçkiliyə yol verir:
"1. "Komanda.az" saytı "Komanda" qəzetinin varisidir. "Komanda" adı 2008-ci ildən mətbuatdadır. Yəni tam 15 il. "Komanda"dan kimlər çıxmayıb? İndi "CBC Sport"da, "İdman Azərbaycan"da işləyən xeyli jurnalist vaxtı ilə "Komanda"nın sıralarında olub. Klubların, federasiyaların mətbuat xidmətlərində çalışanlardan neçəsi "Komanda"nın "şinel"indən çıxmış, burada əmək vermiş jurnalistlərdir. "Komanda"nın əməkdaşları dəfələrlə ölkədə "ilin ən yaxşı jurnalisti" seçilib. Davam edim? Hələ ki, bəsdir.
2. "Komanda" 2008-ci ildən Azərbaycanda "ilin ən yaxşı məşqçisi"ni seçir. "Google"da "Qurban Qurbanov ilin məşqçisi" başlığı ilə axtarış verin və nəticələrə baxın. Hətta dövlət saytları, telekanalları, qəzetləri də "Komanda.az"ın hər il keçirdiyi ənənəvi sorğunun nəticələrini yayımlayıb. İndi siz - Media Reyestrini idarə edən yoldaşlar, ölkə Prezidentinin "Şöhrət" ordeni verdiyi məşqçinin "Komanda.az"ın keçirdiyi sorğuda illərlə qazandığı "İlin ən yaxşı məşqçisi" mükafatlarını heçə sayırsınız? Silib atırsınız öz aləminizdə?
3. "Komanda" yarandığı gündən ofisi olub və şəxsən mənim tək iş yerim olub. Qeydiyyata aldığınız saytlardan neçəsində bunlar var?
4. Gələk 20 özəl xəbər məsələsinə. Birincisi, belə anladım ki, "20 özəl xəbər" məsələsi sadəcə, kimlərəsə qarşı istifadə etmək üçün silahdır. Səbəbini deyim. Heç müraciət etmədiyi halda reyesterdən keçirdiyiniz neçə sayt var? Bəs, gündəlik 20 özəl xəbər bir yana, heç 15 xəbəri olmadığı halda qeydiyyata aldığınız saytların sayı neçədir? Adlarını yazım? Yox, hələ ki yox...
Nəhayət, "Komanda.az"da gündəlik 20 yox, bəzən 25, bəzən 30 özəl xəbər olur. Bura təbii ki, xarici xəbərlər də aiddir. Xarici xəbərləri yoxsa özəl xəbər saymırsınız? Öz qaydalarınızdır, saymalısınız. Çünki qeydiyyatdan keçirdiyiniz saytların hamısı bu qaydada işləyir, hətta bəziləri bizim xəbərləri olduğu kimi, istinadsız verir. Məsələ o deyil, halal xoşları...
5. "Komanda.az" sıradan, dünən yaranan bir sayt deyil. Media Reyestrində əyləşənlərin münasibəti isə sadəcə ayıbdır. Mediaya gəlmisinız, amma gerçək medianın yükünün kimlərin çiyinlərində olduğunu anlamamısınız.
"Komanda.az" sərt tənqid edir? Yaxşı edir, mətbuat tənqid etməlidir, çəpik çalmalı deyil. Şəxsən mənim sosial mediadakı paylaşımlarım sərt olur? Yaxşı edirəm, fikrimi hansı formada ifadə etmək üçün kimdənsə icazə alan deyiləm. Hansısa partiyanın, qruplaşmanın, nə bilim, təriqətin üzvü deyiləm, hansısa xarici dövlətə işləmirəm, nəyi necə yazmağı özüm müəyyənləşdirirəm.
Medianın İnkişafı Agentliyi jurnalistin yazdıqlarına hər hansı bir reaksiya verməyib. //arqument.az//